Saatlı rayonunun Potubəyli kəndindən olan Amin Əmiraslanov 1991-ci il iyulun 1-də dünyaya göz açıb. Kənddə böyükdən kiçiyə hər kəsin sevgisini qazanan Amin həqiqi hərbi xidmətini Tərtərdə keçib. O, snayperçi olub. Xidmətdə fərqləndiyinə görə fəxri fərmanla təltif edilib. Xidmətini bitirdikdən sonra isə doğma yurdu Saatlıya geri dönüb.
Azərbaycan Ordusunun əsgəri olan Amin Əmiraslanov Vətən müharibəsi zamanı Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin noyabrın 4-də Qubadlı döyüşləri zamanı şəhid olub . Saatlı rayonunda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Əmiraslanov ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü” , Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.