Azərbaycanlıların soyqırımından bəhs ediləndə daha çox 1918-ci ilin martında Bakıda, Şamaхıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri qırğınlardan danışılır.
1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan ,Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.
1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişdirlər.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası tərəfindən 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyası yaradılmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldürmüşdülər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilmişdir. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilmişdir. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı isə qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir.
1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.