1990-cı ilin mart ayının 24-də erməni silahlıları rus hərbçilərinə məxsus hərbi texnikadan istifadə edərək Qazaxın dağlıq kəndi olan Bağanis Ayrıma hücum ediblər. Hücumda yeddi nəfər kənd sakini ocağa atılaraq yandırılıb, iki nəfər isə güllələnib. Kənddə 17 ev qumbaraatanla dağıdılıb, 11 ev isə qarət edilib. Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırılıblar. Alməmməd Məhərrəmov isə həyətindəki ot tayasına atılaraq diri-diri yandırılıb. Kənddə növbə çəkən milis əməkdaşı Məcid Əhmədov güllələnib, 2 nəfər isə odlu silahla yaralanıb. Qətlə yetirilənlərin ən yaşlısı Dədəş Əsliyev 75 yaşında, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz olub.
Təbiətin özündə belə vəhşi heyvanlar yavruya qıymadığı halda ermənilər qırxı çıxmamış körpəni ocağa atıb yandırdılar. Yaşlılara, qadınlara, uşaqlara aman vermədən gülləbaran etdilər. Bağanıs Ayrımda baş verənlər analoqu olmayan bir qətliam idi. 10 nəfər bu faciədə qətlə yetirilmiş, 2 nəfər isə odlu silahla yaralanmışdır.