Tarixdə Ballıqaya qətliamı kimi yad edilən faciə 1992-ci ilin avqustun 28-də, səhər saat 5 radələrində Goranboy rayonunun Ballıqaya kəndində baş verib.
Qətliam nəticəsində aralarında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib.
Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir.
1992-ci ilin yay aylarında Laçın işğal olunandan sonra öz evlərindən didərgin düşən yerli əhali Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur olub. Yaxın qohumluq münasibətləri olan 6 ailə isə heyvandarlıq üçün əlverişli olan Ballıqaya ərazisində məskunlaşıblar. Avqust ayında Ballıqaya kəndində çadırda məskunlaşan Laçın rayon sakinləri də buraya sırf heyvandarlıq məşğuliyyətini davam etdirmək məqsədiylə gəliblər.
Lakin onlar avqust ayının 28-də xüsusi amansızlıqda qətlə yetiriliblər. Belə ki, səhər saat 5 radələrində Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olub və əliyalın günahsız insanlara silahla hücum çəkiblər. Nəticədə özlərini müdafiə etməyə üzərilərində heç bir silah belə olmayan 24 mülki insan amansızlıqla öldürülüb və 9 nəfər isə ağır yaralayıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri olub.