Baloğlan Şakir oğlu Əhədli 10 yanvar 2002-ci ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. 3 bacı və 1 qardaş olmaqla ailədə nəfər olublar. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. Orta təhsilini başa vurduqdan sonra Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Vətənə xidmətə yola salınıb.
27 sentyabr 2020-ci ildə II Qarabağ müharibəsi başladığı zaman Baloğlan döyüşə qatılır. Düşmənə sarsıdıcı zərbələr endirir və xeyli sayda canlı qüvvəsini məhv edir. Qəhrəman əsgərın döyüş yolu Suqovuşan istiqamənindən başlayır. Daha sonra Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edir, bir sıra strateji yüksəkliklərin alınmasında yüksək fədakarlıq və şücaət göstərir. Qəhrəman Baloğlan 06 noyabr tarixində Daşaltı istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Gəgiran kəndinə gətirilir və böyük izdihamla orada yerləşən qəbiristanlığda torpağa tapşırılır.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lənkəran rayonunun Gəgiran kəndində anadan olan əsgər Baloğlan Şakir oğlu Əhədli ölümündən sonra “Qubadlının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.