Ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonun işğalı zamanı Başlıbel kəndində törədilib. İşğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Lakin həmin şəxslər cəmi 17 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağayevi işgəncə ilə qətlə yetiriblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər – I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bugünədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur.
Başlıbel sakinləri Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi üçün əllərindən gələni edib. Kənd sakinləri isə 5 ilə yaxın mühasirə şəraitində yaşayıblar. 1992-ci ilin yanvarından Kəlbəcərin elektrik təchizatı dayandırılıb. Həmin vaxtdan işğal dövrünədək – 1 il 3 ay müddətində bütün Kəlbəcər rayonu, o cümlədən Başlıbel kəndi qaranlıqda qalı. Ermənilərin mühasirə halqası günü-gündən daralsa da, inamını, səbrini itirməyən Başlıbel sakinləri torpaqlarını tərk etməyiblər. Onlarla kənd sakini düşmənə qarşı aparılan döyüşlərdə iştirak edib, Başlıbelin 9 nəfər qəhrəman oğlu torpaqlarımızın bütövlüyü uğrunda şəhid olub. İşğal zamanı kənd sakinlərindən 4 nəfər sağlamlığını itirərək əlil olub. Kənd sakinlərindən 2 nəfər itkin düşüb və indiyədək barələrində heç bir məlumat yoxdur.