Cavanşir Namik oğlu Həmidli 20 oktyabr 1997-ci ildə Lerik rayonunun Çayrud kəndində, ziyalı ailəsində anadan olmuşdur. 2 qardaş və 2 bacı olmaqla ailədə 6 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçmişdir. 2015-ci ildə şəhid Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbini bitirdikdən sonra Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinə qəbul olmuşdur. 2019-cu ildə universitetini bitirərək “Maliyyə” ixtisası ürə bakalavr dərəcəsi almışdır.
Vətən qarşısında borcunu yerinə yetirmək üçün 2019-cu ilin iyul ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Cavanşir Həmidli Milli Ordunun “N” saylı “Həmlə” Əlahiddə Əməliyyat Taborunun xüsusi təyinatlısı kimi hərbi təlimlərə qatılaraq hərbi texnikanın və döyüş silahlarının istifadəsini yüksək səviyyədə mənimsəməklə hərbi hissə rəhbərliyinin rəğbətini qazanmışdır. Təcavüzkar erməni faşistlərinin ölkəmizə iyul 2020-ci il təcavüzü səbəbiylə hərbi hissə komandanlığına ön cəphəyə göndərilməsi üçün bir neçə dəfə raport ilə müraciət etmişdir.
2020-ci ilin sentyabr tarixində II Qarabağ müharibəsi başladığı gündən Cavanşir də taboru ilə birgə tabor yoldaşları ilə birgə torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün döyüşə qatılır. Tərtər-Ağdərə istiqamətində Talış və Suqovuşan yaşayış məntəqələrinin, bir sıra strateji yüksəkliklərin alınmasında yüksək fədakarlıq və şücaət göstərərək onlarla erməni əsgərini məhv etmişdir. Sonradan Füzuli rayonunun bir sıra kəndlərinin və Cəbrayıl rayonunun mərkəzi də daxil olmaqla bir neçə yaşayış məntəqələrinindüşmən taptağından azad olunmasında müstəsna qəhrəmanlıqlar göstərmişdir. Döyüşlər zamanı öz həyatını təhlükəyə ataraq bir neçə yaralı əsgər yoldaşını əsgər yoldaşını döyüş zonasından böyük əzmkarlıq və rəşadət göstərərək çıxarmışdır. Əsgər Cavanşir Həmidli 07 oktyabr tarixində Cəbrayıl rayonunun Nüzgar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olaaq adını qızıl hərflərlə tarixə yazmışdır.
Lənkəran Dövlət Universitetinin məzunu olan Cavanşir 2018-ci ildən “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri sırasına qoşulmuşdu. Könüllülük fəaliyyəti dövründə də vətənpərvərliyi ilə seçilən Cavanşir elə müqəddəs Vətən uğrunda, üç rəngli Bayrağımız uğrunda canını fəda edərək könüllü dostlarının, tanıyanlarının yaddaşlarında əbədi taxt qurdu.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Çayrud kəndində anadan olan əsgər Cavanşir Namik oğlu Həmidli ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.