Füzulinin və Xocavəndin azad edilməsinə görə medalları ilə təltif edilən kiçik çavuş
Nəsirov Elçin Ramiz oğlu 13 yanvar 1988-ci ildə Füzulinin Əhmədalılar kəndində doğulub. 1993-cü ildə I Qarabağ müharibəsi ilə əlaqədar məcburi köçkün kimi İmişli rayonunda məskunlaşıb.
1994-cü ildən İmişlidəki 2 saylı tam orta məktəbdə təhsilə başlayıb. 2006-cı ildə Füzuli rayon Əhmədalılar kənd Baxşalı Əliyev adına tam orta məktəbini bitirib.
2006-2008-ci illərdə Həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülkü işlərdə işləyən Elçinin vətən sevgisi, hərbçi olmaq arzusu 2016-cı ildə onu könüllü, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmağa sövq edir.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində cəsarətlə döyüşən E.Nəsirov oktyabrın 24-də Füzuli rayon Qorqan kəndi istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Doğulduğu Əhmədalılar kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhadətindən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad edilməsinə görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.