Atası I Qarabağ müharibəsi veteranı idi,özü II Qarabağ müharibəsi şəhidi oldu
Fərid Ərəstun oğlu Əsgərov 1996-cı il mayın 21-də Neftçala rayonunun Qaçaqkənd kəndində hərbçi ailəsində anadan olub. 2012-ci ildə Lənkəran şəhər 6 nömrəli liseyi bitirib, 2013-2017-ci illərdə Lənkəran Dövlət Universitetinin İngilis dili fakültəsində təhsil alıb. 2017-ci və 2018-ci illərdə Beyləqan ərazisində N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. Hərbi xidmətdən sonra Bakıda mühafizə idarəsində çalışıb. O, 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılıb, oktyabrın 3-də cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edərək igidliklər göstərib. Noyabrın 4-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” , “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Fərid atasının müharibə xatirələri, bir də qələbə arzusu ilə böyüyüb. İspaniyada yaşayan bibisinin yanına getmək, təhsilini orada davam etdirməyik arzusunda olub, buna görə gecə-gündüz çalışıb. Amma müharibənin başlanması xəbərindən sonra bu fikrindən daşınıb, müharibənin ilk günündən könüllü cəbhəyə yollanıb.