Kəmaləddin Vüqar oğlu Məmmədzadə 1999-cu ildə sentyabrın 14-ü Bakıda anadan olmuşdur.
2006-ci ildə Xətai rayonu 249 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2017-ci ildə orta məktəbi bitirib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinə daxil olub. Kəmaləddin 2 il ali təhsil aldıqdan sonra, üçüncü kursa keçid edərkən təhsilini dondurur və hərbi xidmətə yollanır və 10 ay xidmət edir.
Müharibədə sentyabr ayının 27-sindən başlayaraq noyabırın 8-nə kimi işğal olunan torpaqların geri qaytarılması uğrunda döyüşür. O, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Laçın, Xocavəndin kəndləri, Şuşa şəhəri və bütün qəsəbə və yüksəkliklərin işğaldan azad edilməsində döyüşmüşdür. Döyüşün 44-cü günü – noyabrın 11-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur.
Saatlı rayonunun Xələfli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kəmaləddin Məmmədzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dekabrın 18-də 2020-ci il tarixli sərəncamı ilə əsgər Kəmaləddin Məmmədzadə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş və “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Kəmaləddin Məmmədzadə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kəmaləddin Məmmədzadə ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kəmaləddin Məmmədzadə ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.