Atası I Qarabağ və Aprel döyüşlərinin iştirakçısı, özü isə II Qarabağ döyüşlərində şəhid oldu
Həsənzadə Məhəmmədəli 1999-cu ilə may ayının 1-də Sumqayıt şəhərində anadan olub.
O, 2005-ci ildə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Qurban Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbinin birinci sinifinə daxil olub. 2016-cı ildə həmin məktəbin 11-ci sinifini bitirib.
Həmin ilin qəbul imtahanlarında 356 bal ilə Azərbaycan Turizm və Menecment Universitetinin Biznesin idarəçiliyi fakültəsinin “Menecment” ixtisasına qəbul olub. 2020-ci ilin iyul ayında ali təhsili başa vuraraq hərbi xidmətə göndərilib. Hərbi xidməti Qusar rayonunda N saylı hərbi hissəsində çəkib.
Məmmədəli sentyabr 27-də başlayan Vətən müharibəsinə qatılıb. Döyüşlərdə böyük şücaət göstərən Məmmədəli düşmənin bir neçə texnika və canlı qüvvəsini məhv edib. O, Hadrutda gedən ağır döyüşlərdə əsgər yoldaşının həyatını xilas edib. Döyüş yoldaşı Yarıyev Azər deyir ki həyatda sağ qalmasına görə Məmmədliyə borcludur. Onun sözlərinə görə, Məmmədli ondan başqa daha bir neçə nəfəri yaralı vəziyyətdə döyüş meydanında çıxarmağa müvəffəq olub.
Cəbrayıl, Füzuli, Hadrut istiqamətində vuruşan Məmmədli, noyabrın 6-da Xocəvənd rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabrın 8-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Həsənzadə Məhəmmədəli ölümündən sonra “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.