Nail Orucov Rəfail oğlu 1978-ci il iyunun 11-də Astara rayonunun Məsçitməhəllə kəndində anadan olub. 1995-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edən Nail Orucov 2020-ci ildə ehtiyata buraxılıb.
Azərbaycan Ordusunun polkovnik-leytenantı Nail Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nail Orucov oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub. Astara rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Nail Orucov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Nail Orucov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 24 dekabr tarixli Sərəncamına əsasən Nail Orucov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Orucov ölümündən sonra “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Təltifləri:
“Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı
“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı
“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı
“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı
“Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı
“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
“Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalı