Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə bir döyüş də – Tovuz döyüşləri də qızıl hərflərlə yazıldı. Bu döyüşlərdə ordumuzun qələbəsindən artıq bir il ötür. Ötən il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alındı.
Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil oldu. Döyüşlər bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almaqda çətinlik çəkmir. 100-dən çox hərbçisi və onlarla hərbi obyektləri məhv edilən Ermənistan silahlı bölmələrinin şəxsi heyəti hətta səngərləri qoyub qaçdı. Döyüşlər zamanı bir neçə gün ərzində yüzlərlə yaralı və ölü daşıyan ermənilər itkilərdən dəhşətə gəldilər.
12 hərbiçi,- general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir Yaşar Babayev, gizir İlqar Zeynallı, müddətdən artıq hərbi xidmət qulluqçuları Elçin Mustafazadə, Nazim İsmayılov, Vüqar Sadıqov, baş leytenant Rəşad Mahmudov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə yüksəlmiş, 1 mülki şəxs həlak olmuş, 4 hərbiçi yaralanmışdır. Döyüşlər zamanı Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki vermişdir.
Beləliklə, Tovuz döyüşləri Ermənistanın hərbi gücsüzlüyünü, onun geosiyasi nüfuzunun zəifliyini və Azərbaycan Ordusu qarşısında məğlub olacağını bir daha göstərmiş oldu. Bütün bunlar xalqımızın döyüş ruhunun nə qədər yüksək olduğunu nümayiş etdirdi. Bu isə sonda mənfur düşmən üzərində qazanılacaq böyük qələbəmizin addım səsləri idi.