Muradov Turan Vaqif oğlu 5 dekabr 1994-cü ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olmuşdur.
2012-ci ildə M.Hüseynzadə adına Körpükənd tam orta məktəbini bitirmişdir. Hələ şagird olduğu dövrdə hərbiçi peşəsinə böyük marağı olmuşdur.
2013-2014-cü illərdə hərbi xidmətini Füzuli rayonu istiqamətində, döyüş bölgəsində çəkmişdir. Torpaqlarımızın işğal altında olması və düşmənə olan sonsuz nifrət hissi daim onu narahat edirdi.
2018-ci ildə könüllü olaraq MAXE (müddətdən artıq həqiqi hərbi xidmət) kimi hərbi xidmətə başlamışdır. Yüksək vətənpərvərlik və çevikliyi ilə fərqlənən Muradov Turan Vaqif oğlu komandanlığın diqqətini cəlb edərək gizir hazırlığı kursuna göndərilmişdir.
2020-ci ilin yanvar-fevral ayları ərzində gizir hazırlığı kursunu müvəffəqiyyətlə bitirmiş, gizir hərbi rütbəsi ilə təltif olunaraq manqa komandiri kimi xidmətini davam etdirmişdir. Daim yoldaşlarına nümunə olan gizir Muradov Turan Vaqif oğlu dəfələrlə komandlıq tərəfindən “Fəxri Fərman” və digər qiymətli mükafatlarla təltif edilmişdir.
27 sentyabr 2020-ci ildə düşmən təxribatlarına cavab olaraq əks-hücum əməliyyatında xüsusi fəallıq göstərmişdir. Suqovuşan yaşayış məntəqəsinin azad olunmasında, strateji yüksəkliyin tutulmasında manqa komandiri kimi şücaət göstərmişdir.
14 oktyabr 2020-ci ildə qəhrəmancasına döyüşərək Şəhid olmuşdur. Nəşi 25 oktyabr 2020-ci ildə Zərdab rayonunun Körpükənd kənd qəbiristanlığında geniş rayon ictimaiyyətinin izdihamlı müşaiyəti altında torpağa tapşırılmışdır.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur döyüşcü”, (ölümündən sonra), “Suqovuşanın azad olunmasına görə” (ölümündən sonra) və “Vətən uğrunda” medalları ilə təltif edilib.